Kommunal sahə: Məsələ tarifdə deyil, işin təşkilindədir | TƏHLİL

      Kommunal sahə:    Məsələ tarifdə deyil, işin təşkilindədir    | TƏHLİL
  24 Mart 2025    Oxunub:1184
Tarif Şurasının ölkədə elektrik enerjisi, təbii qaz və əhaliyə göstərilən istilik xidməti üzrə qiymətlərə bu ilin yanvarın 2-də etdiyi dəyişikliklərdən sonra suya dair fərqli qiymət siyasətinin yürüdüləcəyi haqda fikirlərin səslənməsi əhalidə narahatlıq doğurub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov demişdi ki, hazırda su tarifləri xidmətin faktiki xərclərini tam qarşılamır. 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin differensiallaşdırılması məsələsi gündəmə gələ bilər.

Doğrudur, Aydın Abbasov əlavə edib ki, hazırda bu istiqamətdə konkret təkliflər müzakirə olunmur. Amma məsələ bunda deyil. Diqqət yetirin: onun sözlərinə görə, 1 kubmetr su 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarifin 70 qəpik olması “su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir". Məsələ bundadır ki, kommunal xidmətlər üzrə bütün cavabdeh qurumlar tarifləri qaldırmaq təklifilə çıxış edəndə həmişə məhz bu bəhanəni gətirirlər. Bu, düzgün əsaslandırmadırmı?! Xeyr!

Cavabdeh qurumlar tərəfindən hər dəfə ictimaiyyətə açıqlanan bu cür izahatlar müəyyən mənada əsaslı olsa da, tam mənada həqiqəti əks etdirmir. Kommunal xidmətlər üzrə bir sıra sahələrdə işlər düzgün qurulmadığından, xərclər həqiqətən yüksəkdir. Lakin xərclərə dair söylənilən rəqəmlərin hansı formada və nəyə əsasən hesablandığı, necə müəyyən olunduğu bəlli deyil. Ona görə də, bu cür açıqlamalara münasibətdə konkret fikir bildirmək və izahat vermək çətin olur. Çünki problemin kökü əslində təminat və təchizat ilə bağlı sturkturlar üzrə işin və xidmətin düzgün təşkil olunmamasındadır.

Su sahəsində də belədir, elektrik enerjisi, təbii qaz, ictimai nəqliyyat və sair sahələrdə də. Yəni idarəetmə düzgün təşkil olunmayıb və bir çox işlər səmərəli həyata keçirilmir. Ciddi struktur böhranı hökm sürür. Ardıcıllıq yoxdur, funksional təsnifat düzgün qurulmayıb. Ona görə də xərclər şişir və əldə olunan qazanc çıxarı ödəmir. Yük də dövlətin üzərinə düşür.


Sözügedən qurumların 15-20 il bundan əvvəl ən böyük bəhanələri ondan ibarət idi ki, əhali – abonentlər ödənişi lazımi səviyyədə yerinə yetimədiklərindən yığımı təmin etmək mümkün deyil. Hazırda bütün sahələr üzrə yığım, əhali tərəfindən ödənişlərin yerinə yetirilməsinin həcmi qənaətbəxş səviyyədədir. Heç bir qurum deyə bilməz ki, göstərdiyi xidmətə görə istehlakçılardan pulunu ala bilmir. Bu, 20 il əvvələ qədərki dövrə aid problem idi. İndi hər şey elektronlaşdırılıb, avtomatlaşdırılıb. Smart-kart sistemi var. Digər texnoloji vasitələr mövcuddur - istehlakçı ödənişi yerinə yetirmədikdə xidmət avtomatik dayandırılır. Nəticədə köhnə arqument daha işə keçmədiyindən, əsas bəhanə kimi xərclərin çox, tariflərin aşağı olması göstərilir. Çünki etiraf edə bilmirlər ki, xidmətin mexanizmi düzgün təşkil olunmayıb. Problemin kökü də əslində məhz bundadır.

Bəs çıxış yolu nədədir? Bu vəziyyəti necə aradan qaldırmaq olar?

Tarif Şurasının hər dəfə qiyməti artırması ilə kommunal xidmətlər üzrə keyfiyyəti yaxşılaşdırmaq mümkün deyil. Sektora investisiya lazımdır. Bundan ötrü isə kommunal xidmət göstərən sahələrdə islahatlar aparılmalı, idarəetməni təkmilləşdirmək üçün bu sahələr özəlləşdirməyə çıxarılmalı, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmalıdır. Başqa sözlə, dövlət və hökumət qeyd olunan sahələri idarə etməkdən yaxasını qutarmalıdır. Amma təəssüf ki, hökumət buna getmir.

Bəli, sözügedən sahələr təbii inhisar sahələridir və bunları xüsusi mülkiyyətə vermək olmaz. Ancaq istehsal və ya hasilat ilə çatdırılma və yaxud paylayıcı sahələri ayırmaq lazımdır. Bunlar başqa-başqa yanaşma, idarəetmə mexanizmi tələb edən sektorlardır. Odur ki, bir-birindən ayrılmalı, xidməti həyata keçirən strukturlar təcili şəkildə satılmalıdır. Nəticədə aydın olacaq ki, problem də məsələn, suyun qiymətində deyil, işin təşkilindəymiş.


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Kommunal-xidmət  





Xəbər lenti